Friday, March 11, 2005

Qasım Həmədanlı


Vətən olmayan yerdə ailə də yoxdur- Qasım Həmədanlı

Ailəsindən ayrı düşmüş güneyli hərəkatçı Bakıda zirzəmidə yaşayır

Qasım Həmədanlı Güney Azərbaycan millətçisidir. 1986-cı ildən Avropada yaşayan Qasım bəy əsl istiqlal mücahidi və vətən fədaisidir. Həyatında əldə etdiyi maddi nə varsa, canından artıq sevdiyi vətəninə qurban verib.

Doğma ailəsindən, isti ev-eşiyindən olsa da, sınmayıb. Əlindən gələn ən xırda köməyi belə vətənindən, soydaşından əsirgəməyən Q.Həmədanlı yaşadığı İsveçdə təzyiqlərlə üzləşib. Türkiyə zəlzələsindən zərər çəkənlərə, Qarabağ köçkünlərinə maddi yardımların toplanmasına və çatdırılmasına təşkilatçılıq edib. Sovet dövlətinin son illərində Azərbaycan həqiqətlərinin, erməni vəhşiliyi ilə bağlı faktların dünyaya çatdırılmasında mühüm rol oynayıb. Qazancı ailəsini, normal dolanışığını itirmək olan güneyli mücahid indi Bayıl küçələrinin birindəki balaca otaqda yaşayır. Əgər buna “yaşamaq” demək olarsa... “Dörd ildir, sürünürəm” deyən Qasım bəy dövlətdən ona normal insan şəraiti yaradılmasını xahiş edir. - Mən Güney Azərbaycanın Həmədan şəhərinin Sarhabad kəndindənəm. 10-12 yaşınadək həmin kənddə böyümüşəm. Uşaqlıqdan aşıqların sazına, sözünə maraqlı idim. Sonra ailəliklə Tehrana köçdük. Tehranda Güney Azərbaycan türklərinə olan fərqli baxış, onların hər cür aşağılanması, bizə pis münasibət məni ayıltdı. Məndə sual yaranırdı: əgər biz də İran xalqıyıqsa, bunlardanıqsa, niyə bizə aşağı gözlə baxırlar? Niyə bizə pis sözlər deyirlər? Bunlar üst-üstə yığılırdı. İran tarixçiləri tariximizi təhrif edir, soy-kökümüzü saxtalaşdırırdılar. Milliyyətcə azərbaycanlı olan tarixçi doktor Şəfəq Rzazadə radioda çıxış edib Təbriz ləhcəsində deyirdi ki, “biz türk deyildik, bizi moğollar türk etdi. Biz fars idik, sonradan türk olmuşuq”. Millətimizə olan bu münasibət məni ağrıdırdı. Dərk edirdim ki, mən iranlı deyiləm. İranlıyamsa, niyə bu ölkədə alçalıram? Sonra Güney Azərbaycana gedib gəzdim, müxtəlif şəhərlərdə oldum. Xalqla danışdım. 18 yaşa çatdıqdan sonra İranda qalmaq istəmədim. Xəritəyə baxırdım ki, hansı ölkə yaxındır, ora gedim. Ruhum narahat idi. Ora-bura qaçmaq, macəra axtarmaq istəyirdim. Müxtəlif ölkələrə - İraqa, Küveytə, Türkiyəyə getdim. Beş il Türkiyədə yaşadım. Quzey Azərbaycana qaçdım. Bir həftə burada zindanlarda qaldım. 1986-cı ilin ortalarında Avropaya getdim və bir daha geri dönmədim (İran nəzərdə tutulur-red.) Dönə bilmirəm. 1987-ci ilin axırlarında İsveçə getdik. 1988-ci ilin əvvəllərində İsveç televiziyasında axşam xəbərlərinə baxarkən gördüm ki, SSRİ-dən danışırlar, özəlliklə Şimali Azərbaycanın xəritəsini göstərirlər. Orada çox şeylər danışıldı. İsveç dilini bilmədiyim üçün tərcüməçi çağırdım. Dedilər ki, Azərbaycan istəyir, SSRİ-dən ayrılsın. Bu sözü eşidəndə sanki qaranlıq dünyamda bir işıq yandı. Dedim, Allah, görəsən, biz də bir bayraq, bir dövlət sahibi ola biləcəyikmi? Biz də dünyada başımızı dik tutub: “Bir vətənimiz var” deyə biləcəyikmi? O gündən bəri sanki dünyam dəyişdi. Sonralar fəaliyyətə başlayıb, orada yaşayan azərbaycanlılarla birgə bir cəmiyyət qurduq. İlk cəmiyyəti 1989-cu ildə qurduq. Başqa cəmiyyətlərlə əlaqələr yaratdıq. Jurnallar çıxdı, radio, televiziya yarandı. Əvvəl “Azərbaycan” Cəmiyyəti bir dənə idi. Sonralar fikir ayrılığı üzündən bir neçə cəmiyyət yarandı. Mən öz evimdə təkbaşına bir cəmiyyət idim. Azərbaycan haqqında evimdə o qədər qəzet, kitab, videokaset vardı ki, hətta azərbaycanlı universitet tələbələri bir şey öyrənmək lazım olanda yanıma gəlirdilər... ...

Qasım Həmədanlı 1991-ci ildə Şimali Azərbaycana gəlir. Dediyinə görə, məqsədi Xalq Hərəkatının lideri Əbülfəz Elçibəy, tanınmış şairlər Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə və o vaxt təqib edilən Heydər Əliyev imiş: “Bəxtiyar Vahabzadə ilə gedib görüşdüm. Rəhmətlik Xəlil Rzanı bir otelə dəvət edib görüşdüm. 1991-ci il avqustun sonlarında təsadüfi olaraq Heydər Əliyevlə rastlaşdım. “Gülüstan” sarayının önündə gecə saat 12-də bir-iki dostla gəzirdik. Gördük ki, qarşımızda iki nəfər gedir. Mən danışırdım, dostlarım da qulaq asırdı. Mənim bütün danışdığımın da məzmunu ya torpaqdı, ya bayraqdı, ya da vətəndi. Özgə sözüm olmaz. Gördüm ki, bu adamlar bir-birilə danışır. Amma biri bizə qulaq asır. Dostumdan soruşdum ki, “bu kimdir, bizə qulaq asır”. Dostum baxıb yavaşca dedi ki, bu Heydər Əliyevdir. Sonra mən onlardan xahiş etdim, dayandılar. Tanış olduq. Elə bir görüş oldu ki, o səhnə Heydər Əliyevin yadından heç vaxt çıxmaz. Düşdüm ayağına ki, Heydər bəy, İranda 30 milyon azərbaycanlının nələr çəkdiyindən xəbəriniz varmı? Nə zaman bizim də bayrağımız olacaq? İmzalar arasında imzamız olacaq? Nə vaxt biz 45 milyon azərbaycanlı utanmadan dünyaya deyəcəyik ki, bizim də dövlətimiz, bayrağımız var? Heydər bəy əyilib məni qaldırdı və başımı uşaq kimi sığallayıb dedi ki, “darıxma, o dediklərinin hamısı olacaq, amma zaman istəyir. İnşallah hamısı olacaq”. 1992-ci ildə Qırmızı Aypara Cəmiyyətinə üzv olan Qasım bəyin xeyriyyəçi fəaliyyəti başlayır: “Qırmızı Ayparaya gedib dedim ki, istəsəniz, sizə kömək edə bilərəm. Onlar məni qəbul etdilər. Amma dedilər ki, imkanımız olmadığından sənə maaş verə bilməyəcəyik. Dedim ki, mənim maaşa ehtiyacım yoxdur. Amacım odur ki, əlimdən gələn köməyi bu ölkə, bu insanlar üçün edim. Cəmiyyətə üzv olandan sonra 1994-cü ildə bura 2 ton paltar və ayaqqabı göndərdim. Sonralar pul yığıb Müdafiə Nazirliyinə verdim”. Vətən sevgisi bitib tükənməyən Qasım Həmədanlı könüllü jurnalist fəaliyyətinə başlayır. 1990-cı illərdə Bakıda məşhur olan sarı videokamerası ilə müxtəlif materiallar hazırlayıb Avropaya aparır və oradakı televiziyalara təqdim edir. Təbii ki, öz hesabına: “Bütün bunlardan bir məqsədim varıydı ki, xalqı yuxudan oyadaq. Başa salaq ki, artıq dövlətimiz var, sakit oturmaq olmaz. 1990-cı illərin ortalarında Güney Azərbaycanda Milli Oyanış prosesi başladı: “Şimalın havası Güneyə dəydi. Güneydə Səttarxanlar oyanmağa başladı. Zamanımızın Səttarxanı Çöhrəqanlı ortaya çıxdı. Çöhrəqanlının ilk müsahibəsini “Azadlıq” radiosu ilə eşidəndən sonra onunla telefon əlaqəsi yaratdım. Məndən xahiş etdi ki, onun dediklərini buradakı azərbaycanlılara çatdırım. Dünya ictimaiyyətinə bildirim ki, onlar nə istəyirlər. Güney azərbaycanlılar və Çöhrəqanlı nə istəyir. Onlar İran Konstitusiyasının 15-ci və 19-cu maddələrinin yerinə yetirilməsini istəyirdilər. Doktorun adını dünyaya yaymaq üçün çox çalışdıq”. Güneyli soydaşımız xaricdə yaşayan azərbaycanlıların, özəlliklə də varlı insanlarımızın milli məsələyə maraq göstərmədiyini deyir: “İllərdir, oradadırlar. Gediblər kef etməyə. Kimsədən qorxmurlar, amma pul vermirlər. Niyə versinlər? Çox təəssüf ki, bu, gerçəkdir. Barmaq sayı qədər adam var ki, xalq, bayraq, millət üçün malından keçsinlər?”. İsveçdə Qasım bəyi bu fəaliyyətindən çəkindirməyə çalışırlar. “Görünür, İranın əli İsveçə də çatırmış” deyən mücahid müxtəlif təzyiqlərə, təqiblərə məruz qalır. Ən böyük zərbə isə Qasım bəyə ailəsindən dəyir: “Məni ölümlə hədələyirdilər. Deyirdilər ki, İranı bölmək, parçalamaq istəyirsən. Manqurtlaşıb farsın qulu olanlar rahat yaşamağa qoymurdular. 2000-ci ilin əvvəlində ailəmlə aramda ixtilaf düşdü. Günün 24 saatı iki min dəfə dilimə “Azərbaycan” kəlməsindən başqa bir şey gəlməzdi. Odur ki, orada bir çox adam “dəlisən, manyaksan” deyirdi. Bir kəlmə öz işimdən danışmırdım. Vətənsizlik çəkən qürbətdə yaşayan adam yeri gəlsə, hər şeyini verər. Çünki vətən olmayan yerdə ailə də yoxdur. Çox adam deyir, ailə üstündür, amma elə deyil. Vətən üstündür. Ailəm məni başa düşmədi. Amma kimsə vətən üçün qurban olmalıdır”. Fars şovinistlərinin və manqurtlaşmış İran əlaltılarının təzyiqi ilə Qasım bəy İsveçi tərk edir. Hətta ailəsi də onu atır, fəaliyyətini dayandırmağı tələb edir. Doğma oğlunun fiziki təzyiqlərinə məruz qalan Qasım bəy ailəsinin rahat olması üçün İsveçi tərk edir. Ailəsini, şəxsi firavanlığını, rahat həyatını millətə, Azərbaycana qurban vermiş Qasım Həmədanlı bu gün Bakıda yarıqaranlıq, rütubətli və havasız bir zirzəmidə yaşayır: “2000-ci ildən burada yaşayıram. 4 ildir, kimsə bu şəraitimlə maraqlanmayıb. Amma çarəsizəm. Çünki gücüm yoxdur başqa bir mənzil kirayələyim. Yüz dollarım olsa, yeməyimə verərəm. Üstəlik ayda 40 dollar viza pulu istəyirlər. Yəni küçədə ac qalaq? Bu dövlətimizin əli ağrımasın, bizə xeyridir. Əlbəttə, mən vermirəm. Sonu məhkəməmi olacaq, asacaqlar, ya kəsəcəklər, bilmirəm. Amma vermirəm. Yoxumdur, haradan verim?”. Güneyli mühacir İsveçə qayıtmaq istəməsə də, ona normal şəraitin yaradılmasını istəyir: “Ailəm məni istəməsə də, mən onları istəyirəm. Ailəm İsveçdə yaşayır. İsveçlə əlaqəm kəsilə bilməz. Amma artıq onların məndən əl çəkmələri məni soyudub bir az. Bu yaşdan sonra istəyirəm, elə burada qalam. Bu yolda ölməyə də razıyam. Dəfələrlə məni orada hədələyiblər. Öldürmək istəyiblər. Amma ölməkdən heç qorxmuram. İnsan bir dəfə ölər. Ancaq ucuz ölməkdən qorxuram. Heç olmasa, öləndən sonra desinlər, belə bir insan da vardı. Burada yaşamaq istəyirəm. İrana qayıtsam, tutarlar, məhv edərlər məni. 20 il bundan əvvəl bələkdə qoyub getdiyim qoЋum uşağı böyüyüb, yekə kişi olub. Telefonla danışır mənimlə. Görməmişəm, heç zaman da görə bilmərəm onu”. Qasım bəy jurnalist fəaliyyətindən yadigar qalmış kameranı Həmədan türkləri adından muzeyə vermək istəyir. Xaricdə yaşayan azərbaycanlıları bir ideya ətrafında birləşdirməyin vacibliyini vurğulayan Q.Həmədanlının fikrincə, onlar Azərbaycan dövlətinə dəstək verə bilərlər: “Gediş-gəliş çox olsa, ziyalılarımız onlarla görüşə getsələr, əlaqələr sıxlaşar. Bəs diaspora necə qurulur? Yeni yaradılmış Dövlət Komitəsi dövlətlə millət arasında bir ilişki yaradır. Amma bəzi müxalifət partiyaları gedib onları başqa istiqamətə çəkirlər. Biri ora, biri bura çəkir. Orada bir şəxs və ya firqə yox, Azərbaycan təbliğ olunmalıdır. 45 milyonluq Azərbaycan, Qarabağ təbliğ olunmalıdır. Belə olarsa, azərbaycanlıları bir yerə yığmaq olar. Biz xarici vətəndaşıq. Bizim üçün o partiya, bu partiya yoxdur. Bizim üçün iqtidar, müxalifət yoxdur. Biz hamını sevirik. Xaricdə yaşayan soydaşlarımız Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə yardım edə bilərlər. Birinci növbədə, gediş-gəliş üçün viza götürülməlidir. Türkiyədə bütün dünya üzərinə viza yoxdur. Alırlar, xaricilərdən alsınlar. Şimali Azərbaycan nə qədər güclənsə, bu, Güney Azərbaycandakı Milli Hərəkatı sürətləndirər”.

Elman


Share/Bookmark

2 Comments:

Blogger Sandy said...

What can I say in addition on Qasım Həmədanlı ? I think that you explained it very well! Would you be interested in a website about scommesse calcio ? Have a jump on it and look for something that you can be interested in! You'll find only scommesse calcio .

2:23 PM  
Blogger Sandy said...

This is a very nice post about the Qasım Həmədanlı , m try to keep it up to date because it seems one of the few interesting blogs on the internet! I would like to tell you to visit my website that is about risultati scommesse . Only the best informations about risultati scommesse !

9:21 PM  

Post a Comment

<< Home