Thursday, August 07, 2008

قاسيم همدانلي



قاسيم همدانلي

اينسانلارين حياتيندا گيزلين قهرمانليقلار اولور. عيني بو قهرمانليقلاري کيمسه گؤرمز. بلکه اينسان اؤزو ده اونون فرقينده اولماز. چونکو قهرمانليقلا نتيجله نن عمل قهرمان اولماق آماجي ايله ياپيلماز. تاريخ بو کيمي، کيمسه نين دويماديغي، گؤرمه ديگي قهرمانليقلارلا دولودور. بعضن بير آن، يالنيز بيرجه آن اينسانين ايچينده مجهول ائنئرژي قايناقلاريني اويادير و پاسسيو گؤرونن هانسيسا اينساني بير ائيلم آدامينا چئويرير. فردلرين حياتينداکي بو اولاي ميلتلرين ده حياتيندا باش وئرير. زاوالا محکوم ائديلميش، تاريخين گوندميندن ديشلانان بير ميلت بير آنين ايچينده ديريليش و روحي يوکسليش ساواشينا قالخير.
***
قاسيم همدانلي ايله ايلک دفعه 1992-جي ايلده تانيش اولدوم. الينده بير کامئرا آذربايجانين موختليف بؤلگه لريني گزير، رئپورتاژلار حاضیرلاییب آوروپادا داغيديردي. بوتون ماددي و معنوي گوجونو آذربايجاني تانيتماغا يؤنلتميشدي. ايلک تانيش اولدوغوموز زامان باکييا يئرلشمه نين يوللاريني آختاريردي. تورکييه ده ياشاديغي و ايستانبول شيوه سيني سئوديگي اوچون دانيشيغيندا بير ده شيرين ايستانبول لهجه سي دويولوردو.

1999- جو ايلدن اعتيبارن سورکلي اولاراق آذربايجاندا ياشيييردي. باييلدا اؤزونه کيچيک بير ائو آلميش اورايا داشينميشدي. بير دفعه بير نئچه گونئيلي بير يئرده اونون ائوينه قوناق گئتميشديک. بير دفعه "قاسيم بئي ندن ايسوئچي بوراخيب باکييا يئرلشدين؟" دئيه سوردوم. جاوابيندا "آرتيق ياشلانميشام. اؤلوموم ياخينلاشميش. قوربت ائلده اؤلمک ايستميرم. وطن تورپاقغيندا دفن اولماق ايسته ييرم"-دئميشدي.

2000- جي ايله کئچن گئجه بؤيوک رسول اوغلونون اوفيسينده توپلاشميشديق. يئني ايلي اؤز ساده ايمکانلاريميزا گؤره قوتلاييرديق. 6-7 نفر گونئيلي آدام ايديق. بوللوجا آراق ايچميشديک و هر کس باشارديغيني دئييردي. او گئجه قاسيم بي منسوبو اولدوغو همدان يؤره لري نين ماهنيلاريني قاوال چاليب سؤيله ييردي. همدان منيم اوچون آذربايجانين ان آز تانيديغيم بؤلگه سي اولدوغوندان دولايي ديقتله قاسيم بئيين سؤيله ديگي شرقيلري دينله يير و حئيرت ائديرديم. حئيرت ائديرديم، چونکو گئرچکدن ده همدان و يؤره سيندن تانيماميز، بيلمه ميز و آذربايجانين موسيقيسينه قازانديرماميز گرکن چوخلو خالق ماهنيلاريني ائشيديرديم. او گئجه حيسس ائتديم کي، بوتون آراشديرمالاريما باخماياراق، يوردومو آيرينتيلي شکيلده تانيميش دئييلم. بو گون ده او فيکيرديم کي، همدان اوزرينه گئنيش بيلگي صاحيبي دئييليک. باکيداکي حياتيميز بؤيله سينه داوام ائديردي.

ائلچي بئيين وارليغي بيز گونيليلر اوچون بير شانس ايدي. اونون شخصيتي نين جاذيبه سي بير چوخلاري اوچون گووَن قايناغي ايدي. ائلچي بئيه بير دوست کيمي ائله آليميشديق کي، اونو بير هفته بوتؤو آذربايجان بيرليگي نين توپلانتيسيندا گؤرمه سه يديک داريخارديق. هر هفته نين 6- جي گونو ب اب - ين توپلانتيسيندا ائلچي بئيدن ائنئرژي آليرديق. يالنيز ائلچي بئيلي گونلر اوزون سورمه يه جکدي. 2000- جي ايلين آوقوست آييندا ائلچي بئي آنکارادا وفات ائتميشدي. بوتون آذربايجان ياس ايچينده ايدي. اينسانلارين گؤز ياشلاري سئل اولوب آخيردي. بيز گونئيليلري گؤره ن ياشلي قادينلار باياتي سؤيله ييب آغلايا-آغلايا بوينوموزا ساريليب، " بئي سيزلري چوخ سئويردي، اووووي"- دئييرديلر. ائلچي بئيين اؤلومونه اينانا بيلميرديک. ايچيميزي درين بير قورخو سارميشدي. دوشونوردوک کي، باکيداکي ائلچي بئيسيز حياتيميز نئجه اولاجاق؟ من ائله بيليرديم، حتّی بوتون بيلديکلريم ياديمدان چيخيب. ائلچي بئي اؤلموشدو و بيز يالنيز قالميشديق.
آوقوست آيي نين 22- ده ائلچي بئيين جنازه سي باکييا گلدي. باکي هاوا آلانيندا ائلچي بئيين جنازه سيني قارشيلاماق اوچون بؤيوک ايزديحام وار ايدي. حياتيمدا بئله بير جنازه تؤره ني گؤرمه ديم و گؤره جگيمي ده سانميرام. ائلچي بئيين جنازه سيني گونباتان چاغي اؤز ائوينه آپارديلار.

آوقوست آيي نين 23-ده ائلچي بئيين جنازه سي علملر آکادئميياسينا گتيريلدي. اورادا جنازه ايله ويداع تؤره ني گئرچکلشه جکدي. آذربايجان پرئزيدئنتي حئيدر علييئو ده ائلچي بئيين جنازه سي قارشيسيندا گليب باش اَييب ويداعلاشدي. علملر آکادئميياسي نين حَيَطينده چوخ ايزديحام وار ايدي. آکادئمييانين حَيَطينه سيغمايان ايزديحامين چوخ بؤيوک بير بؤلومو ده حوسئين جاويدين هئيکه لي نين اؤنونده ايدي. هر کسين ايچيني درين کدر سارميش و گؤزلردن دورمادان ياشلار آخيردي. هر کس باشينيني آشاغي ساليب ايچين-ايچين آغلارکن، بيردن آکادئمييانين بيناسي نين اوستوندن بير سس هامينين ديققتيني جلب ائتدي. قاسيم بئي ايدي. ايلک عاغليما گلن سوال بو اولدو: قاسيم بئي بينانين اوستونه نئجه چيخميش؟ سهو ائتميرمسه ائلملر آکادئميياسي 9 مرتبه دير. قاسيم بئيين الينده چوخ بؤيوک بير بايراق وار ايدي. اوزون بير آغاجا باغلاديغي بايراغي بينانين اوستونده دالغالانديراراق "ائلچي بئي اؤلمز وطن بؤلونمز"- دئييردي. آنجاق بوغازيني سيخان کدر سؤزلريني تکرار- تکرار سؤيله مه يه مانع اولوردو. هامي نين ديقتي قاسيم بئيه يؤنلميشدي. قاسيم بئيين بو داورانيشي ايوان تورگينئوين "رودين" اثريني منه خاطيرلاتدي. رودين حياتي نين سونوندا فرانسانين بؤيوک اينقيلابينا قاتيليب و بير بينانين اوزرينده آزادليق بايراغيني دالغالانديرير. بلکه ده قاسيم بئيين بوتون حياتي نين معناسي اونون بو داورانيشيندا تجللي ائتمیشدی. منيم ده ذهنيمده قاسيم بئي همدانلي او گؤرونتو ايله قالدي.

داها سونرا من باکيدان آيريلاسي اولدوم. باکي خاطيره لريم ايسه روحوما يازيلميشدي. ائشيتديم کي، قاسيم بئي ده بير گون ائوينده قلب آغريسيندان وفات ائديبدير. قاسيم بئيين "وطنده اؤلمک ايسته ييرم" سؤزو ياديما دوشدو. قاسيم بئي همداندان آوروپايا گئتدي، اؤلمه سي اوچون ده وطنيني سئچدي. منيم خياللاريمدا قاسيم همدانلي علملر آکادئميياسي نين اوستونده دالغالانديرديغي آذربايجان بايراغي ايله قالدي.

گونتاي گنجالپ


08.08.08



Güntay Gəncalp
Qasım Həmədanlı

İnsanların həyatında gizlin qəhrəmanlıqlar olur. Yəni bu qəhrəmanlıqları kimsə görməz. Bəlkə insan özü də onun fərqində olmaz. Çünkü qəhrəmanlıqla nəticələnən əməl qəhrəman olmaq amacı ilə yapılmaz. Tarix bu kimi, kimsənin duymadığı, görmədiyi qəhrəmanlıqlarla doludur. Bəzən bir an, yalnız bircə an insanın içində məchul enerji qaynaqlarını oyadır və passiv görünən hansısa insanı bir eyləm adamına çevirir. Fərdlərin həyatındakı bu olay millətlərin də həyatında baş verir. Zavala məhkum edilmiş, tarixin gündəmindən dışlanan bir millət bir anın içində diriliş və ruhi yüksəliş savaşına qalxır.

***
Qasım Həmədanlı ilə ilk dəfə 1992-ci ildə tanış oldum. Əlində bir kamera Azərbaycanın müxtəlif bölgələrini gəzir, reportajlar hazırlayıb Avropada dağıdırdı. Bütün maddi və mənəvi gücünü Azərbaycanı tanıtmağa yönəltmişdi. İlk tanış olduğumuz zaman Bakıya yerləşmənin yollarını axtarırdı. Türkiyədə yaşadığı və İstanbul şivəsini sevdiyi üçün danışığında bir də şirin istanbul ləhcəsi duyulurdu.

1999-cu ildən etibarən sürəkli olaraq Azərbaycanda yaşıyırdı. Bayılda özünə kiçik bir ev almış oraya daşınmışdı. Bir dəfə bir neçə Güneyli bir yerdə onun evinə qonaq getmişdik. Bir dəfə “Qasım bəy nədən İsveçi buraxıb Bakıya yerləşdin?” deyə sordum. Cavabında “Artıq yaşlanmışam. Ölümüm yaxınlaşmış. Qürbət eldə ölmək istəmirəm. Vətən torpaqğında dəfn olmaq istəyirəm”- demişdi.

2000-ci ilə keçən gecə Böyük Rəsuloğlunun ofisində toplaşmışdıq. Yeni ili öz sadə imkanlarımıza görə qutlayırdıq. 6-7 nəfər Güneyli adam idiq. Bolluca araq içmişdik və hər kəs başardığını deyirdi. O gecə Qasım bəy mənsubu olduğu Həmədan yörələrinin mahnılarını qaval çalıb söyləyirdi. Həmədan mənim üçün Azərbaycanın ən az tanıdığım bölgəsi olduğundan dolayı diqqətlə Qasım bəyin söylədiyi şərqiləri dinləyir və heyrət edirdim. Heyrət edirdim, çünkü gerçəkdən də Həmədan və yörəsindən tanımamız, bilməmiz və Azərbaycanın musiqisinə qazandırmamız gərəkən çoxlu xalq mahnılarını eşidirdim. O gecə hiss etdim ki, bütün araşdırmalarıma baxmayaraq, yurdumu ayrıntılı şəkildə tanımış deyiləm. Bu gün də o fikirdəyəm ki, Həmədan üzərinə geniş bilgi sahibi deyilik. Bakıdakı həyatımız böyləsinə davam edirdi.

Elçibəyin varlığı biz Günylilər üçün bir şans idi. Onun şəxsiyyətinin cazibəsi bir çoxları üçün güvən qaynağı idi. Elçibəyə bir dost kimi elə alımışdıq ki, onu bir həftə Bütöv Azərbaycan Birliyinin toplantısında görməsəydik darıxardıq. Hər həftənin 6-cı günü BABın toplantısında Elçibəydən enerji alırdıq. Yalnız Elçibəyli günlər uzun sürməyəcəkdi. 2000-ci ilin Avqust ayında Elçibəy Ankarada vəfat etmişdi. Bütün Azərbaycan yas içində idi. İnsanların göz yaşları sel olub axırdı. Biz güneyliləri görən yaşlı qadınlar bayatı söyləyib ağlaya-ağlaya boynumuza sarılıb, “Bəy sizləri çox sevirdi, ooooyyy”- deyirdilər. Elçibəyin ölümünə inana bilmirdik. İçimizi dərin bir qorxu sarmışdı. Düşünürdük ki, Bakıdakı Elçibəysiz həyatımız necə olacaq? Mən elə bilirdim, hətta bütün bildiklərim yadımdan çıxıb. Elçibəy ölmüşdü və biz yalnız qalmışdıq.

Avqust ayının 22-də Elçibəyin cənazəsi Bakıya gəldi. Bakı hava alanında Elçibəyin cənazəsini qarşılamaq üçün böyük izdiham var idi. Həyatımda belə bir cənazə törəni görmədim və görəcəyimi də sanmıram. Elçibəyin cənazəsini günbatan çağı öz evinə apardılar.

Avqust ayının 23-də Elçibəyin cənazəsi Elmlər Akademiyasına gətirildi. Orada Cənazə ilə vida törəni gerçəkləşəcəkdi. Azərbaycan prezidenti Heydər Əliyev də Elçibəyin cənazəsi qarşısında gəlib baş əyib vidalaşdı. Elmlər Akademiyasının həyətində çox izdiham var idi. Akademiyanın həyətinə sığmayan izdihamın çox böyük bir bölümü də Hüseyn cavidin heykəlinin önündə idi. Hər kəsin içini dərin kədər sarmış və gözlərdən durmadan yaşlar axırdı. Hər kəs başınını aşağı salıb için-için ağlarkən birdən Akademiyanın binasının üstündən bir səs hamının diqətini cəlb etdi. Qasım bəy idi. İlk ağlıma gələn sual bu oldu: Qasım bəy binanın üstünə necə çıxmış? Səhv etmirəmsə Elmlər Akademiyası 9 mərtəbədir. Qasım bəyin əlində çox böyük bir bayraq var idi. Uzun bir ağaca bağladığı bayrağı binanın üstündə dalğalandıraraq “Elçibəy ölməz vətən bölünməz”-deyirdi. Ancaq boğazını sıxan kədər sözlərini təkrar-təkrar söyləməyə mane olurdu. Hamının diqqəti Qasım bəyə yönəlmişdi. Qasım bəyin bu davranışı İvan Turginevin “Rudin” əsərini mənə xatırlatdı. Rudin həyatının sonunda Fransanın böyük inqilabına qatılıb və bir binanın üzərində azadlıq bayrağını dalğalandırır. Bəlkə də Qasım bəyin bütün həyatının mənası onun bu davranışında təcəlli etmişdi. Mənim də zehnimdə Qasım Bəy Həmədanlı o görüntü ilə qaldı.

Daha sonra mən Bakıdan ayrılası oldum. Bakı xatirələrim isə ruhuma yazılmışdı. Eşitdim ki, Qasım Bəy də bir gün evində qəlb ağrısından vəfat edibdir. Qasım bəyin “Vətəndə ölmək istəyirəm” sözü yadıma düşdü. Qasım bəy Həmədandan Avropaya getdi, ölməsi üçün də vətənini seçdi. Mənim xəyallarımda Qasım Həmədanlı Elmlər Akademiyasının üstündə dalğalandırdığı Azərbaycan bayrağı ilə qaldı.

08.08.08


Share/Bookmark

0 Comments:

Post a Comment

<< Home